"Azpetrol" Azərbaycanda bizneslə məşğul olmaqla yanaşı, ölkəmizin xeyriyyəçilik ənənələrinə də sədaqət nümayiş etdirir. Ölkəmizin təhsil, mədəniyyət və idman sahələrinə qayğı ilə yanaşmağı, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə yardım göstərməyi özünə borc bilən Şirkət Azərbaycanın ədəbi və mədəni irsinin qorunub saxlanılmasına və inkişafına xüsusi önəm verir. Şirkətin bu istiqamətdə gördüyü çoxsaylı işlərin sırasında ilk dəfə latın qrafikasında Nizami Gəncəvinin "Xəmsə" əsərinin və 10 cilddən ibarət "Azərbaycan xalq musiqisinin antalogiyası"nın nəşrinə maddi kömək göstərməsini ayrıca qeyd etmək lazımdır.
"Azpetrol" şəhid və aztəminatlı ailələri, müharibə veteranlarını və əlillərini, qaçqın və məcburi köçkünləri, eləcə də Şirkətə yardım üçün müraciət edən sosial-maddi durumu ağır olan şəxsləri öz diqqət və qayğısından kənarda saxlamır, gündəlik maddi yardımdan əlavə, onlara müxtəlif bayramlarda və əlamətdar tədbirlərdə sovqatlar, hədiyyələr göndərir. Əhalinin belə təbəqəsinin rastlaşdıqları maddi və digər problemlərinin həlli üçün əməyini əsirgəməyən Şirkət bununla respublikada yoxsulluğun azaldılması və əhalinin sosial rifahının yüksəldilməsi üzrə dövlətin həyata keçirdiyi müxtəlif proqramlara dəstəyi öz vəzifəsinin aparıcı istiqamətlərindən biri hesab edir.

