"Azpetrol" uzun müddətdir ki, Azərbaycan Boks Federasiyası ilə sıx əlaqələr yaratmışdır və milli komandanın 1999-cu ildə ABŞ-da keçirilmiş boks üzrə dünya çempionatında və 2001-ci ildə Tailandda keçirilən boks üzrə dünya kuboku yarışlarında iştirakına sponsorluq etmişdir.
Şirkət həmçinin qadınlardan ibarət Milli Voleybol komandasının 2001- 2002-ci illərdə keçirilmiş Avropa Çempionatında iştirakına da sponsorluq etmişdir.
Azərbaycan Peşəkar Boks Federasiyası (APBF) tərəfindən 25 avqust 2002-ci ildə Azərbaycanda ilk dəfə Peşəkar Boks üzrə Zaqafqaziya "Qızıl Kəmər"i uğrunda Azərbaycanı və Gürcüstanı təmsil edəcək boksçuların iştirakı ilə Beynəlxalq görüş keçirilmişdir. Yarışın yüksək səviyyədə keçirilməsinə "Azpetrol" şirkəti maddi köməklik göstərmişdir.
2003-cü ildə "Azpetrol" Şirkəti Bakıda keçirilən Ümumdünya Boks Federasiyasının prezidenti Ənvər Çaudrinin şərəfinə Boks üzrə Beynəlxalq turnirə, eləcə də Voleybol üzrə Avropa Kubokunun final yarışmasında Azərbaycan Milli Voleybol Komandasının iştirakına sponsorluq etmişdir.
2003-cü il avqustun 9 - 10-da Bakı mötəbər yarışa - bədii gimnastika üzrə Dünya Kuboku mərhələsinə yüksək səviyyədə ev sahibliyi etdi. Beynəlxalq Gimnastika Federasiyası rəhbərlərinin qeyd etdikləri kimi, dünya çempionatı səviyyəsində təşkil edilən turnirdə 17 ölkənin 38 idmançısı mübarizə aparırdı. Sözügedən turnirə "Azpetrol" şirkəti maddi yardım etmişdir.

