10.11.2011
07 noyabr 2011-ci il tarixdə Azpetrol Şirkəti Göygöldə özünün yeni yanacaqdoldurma məntəqəsini açdı. Bu Azpetrolun sayca 75-ci yanacaqdoldurma məntəqəsidir.
Yeni məntəqənin açılışında Göygöl rayonu İcra hakimi Arif Seyidov və digər nümayəndələr iştirak edirdilər.
Məntəqənin açılışı zamanı Azpetrol şirkətinin baş direktoru Hüseynağa Rəhimov öz çıxışında qeyd etdi ki, bugünkü tədbir hamımız üçün çox əziz və müqəddəs günlərə- Gurban bayramı və Dövlət Bayrağı Gününə təsadüf etdiyindən xüsusilə əlamətdardır.
Əsası hələ keçən əsrin 70-ci illərindən, yəni Ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etməyə başladığı dövrdən qoyulmuş və yaşadığımız günlərdə uğurla davam etdirilən yeni sənaye obyektlərinin açılışı, abadlıq və quruculuq işləri daha geniş vüsət almışdır.
Çox fərəhləndirici haldır ki, respublika iqtisadiyyatına qoyulan böyük həcmli investisiyaların əksər hissəsi daxili sərmayələrdən ibarətdir. Elə təkcə bu fakt Azərbaycanı çox güclü və dayanıqlı, özəl sektorun da inkişafı üçün münbit şəraitin bərqərar olduğu bir iqtisadiyyata malik dövlət kimi səciyyələndirir. Özəl sektorun Azərbaycanda gedən uğurlu proseslərdən bəhrələnərək günü-gündən güclənməsi isə möhtərəm prezidentimiz İ.Əliyev cənablarının birbaşa və ardıcıl iqtisadi siyasətin məntiqi nəticəsidir.
Şirkətin rəhbəri daha sonra onu da vurğuladı ki, yeni məntəqənin istifadəyə verilməsi həm də Göygöl rayonunda yeni iş yerlərinin açılması deməkdir ki, bu da bizim fəaliyyətimizdə önəm verdiyimiz prioritet məsələlərdən biridir.
Şirkət hal-hazırda digər bölgələrdə də yanacaqdoldurma şəbəkəsinin genişlənməsi üzrə işlər aparır və yeni yanacaqdoldurma məntəqələrinin açılması istiqamətində tikinti işlərini davam etdirir.
Belə ki, yaxın dövrdə Azpetrol Şəki və İsmayıllı rayonlarında da yeni yanacaqdoldurma məntəqələrinin istismara verilməsini nəzərdə tutur.

